İspaniyada dəhşətli qəza: çoxlu ölən var | VİDEO
Fövqəladə hallar xidmətləri və polisin məlumatına görə, hadisə nəticəsində ən azı 21 nəfər ölüb. Təxminən 100 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan ən azı 25-nin vəziyyəti ağırdır. Yaralılar əlavə təcili yardım briqadaları və hava təcili yardım maşınları ilə Kordoba və qonşu bölgələrdəki xəstəxanalara çatdırılıb.
“Qatarlardan biri relsdən çıxaraq həmin sahə ilə hərəkət edən digər qatarla toqquşub. Zərbə daha bir relsdən çıxma və dəmir yolu infrastrukturuna ciddi ziyan vurması ilə nəticələnib. Bu marşrut üzrə qatarların hərəkəti tamamilə dayandırılıb”, - hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir.
Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri, polis və mülki müdafiə qüvvələri gəlib. Xilasetmə işləri bir neçə saat davam edib. İspaniya hakimiyyəti rəsmi araşdırmanın başladığını bildirib. Təhqiqat çərçivəsində yolların vəziyyəti, siqnalizasiya sistemlərinin işləməsi və təhlükəsizlik standartlarına uyğunluğu yoxlanılacaq.
İspaniya hökuməti zərərçəkənlərə yardımın göstərilməsi və təhlükəsiz dəmir yolu xidmətinin bərpasının prioritet olaraq qaldığını bildirib. Qəzanın səbəbləri və nəticələri ilə bağlı ətraflı məlumat əldə edildikcə açıqlanacaq.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


